
Peyğəmbər (s) məscidi (məscid ən-Nəbi) İslam peyğəmbəri həzrət Məhəmmədin (s) Mədinə şəhərinə hicrətindən sonra, bu şəhərin ortasında tikdiyi məsciddir. Məscidi Peyğəmbər (s) Mədinəyə hicrətinin ilk günlərində, mühacir və ənsarın köməyilə tikdi. Sonradan tarix boyu bu məscid dəfələrlə yenidən təmir edilmiş və genişləndirilmişdir.
Peyğəmbərin (s) pak məzarı burada yerləşir. Habelə burada Peyğəmbərin (s) minbər və mehrabı da mövcuddur. Burada namaz qılmaq üçün “Rövzə əş-Şərifə” deyilən yer də mövcuddur. Peyğəmbər (s) buyurmuşdur:
-“ ما بین قبری و منبری روضه من ریاض الجنه”. “Mənim qəbrim və minbərimin arasındakı məsafə cənnət bağlarından bir bağdır”.
Peyğəmbər (s) və səhabələrin tikdiyi məscid çox kiçik idi. Amma müxtəlif zamanlarda edilmiş əlavə və genişləndirmə əsnasında, bu məscidin binası hicrətin 1,370-ci ilində 10,303 kvadrat metrə çatdı. Hicri qəməri tarixilə 1,370-1,375-ci illərdə isə Səudiyyə Ərəbistanı dövləti 55 milyon səəudi riyalı məbləğində büdcə ayıraraq bu məscidi əsaslı şəkildə təmir etdi və məscidi genişləndirdi. Belə ki, məscidin binası 16,326 metrə çatdı.
Bu məscidin 1,375-ci hicri ilində 706 sütun, 189 günbəz, 9 qapı və 44 pəncərəsi var idi.