|
Şənbə, 27 Fevral 2010 00:59 |
Qum şəhərində təhsil alan azərbaycanlı tələbələrin BMT Təhlükəsizlik Şurasına müraciəti Beynəlxalq ictimaiyyətə məlum olduğu kimi, Azərbaycan respublikası artıq 22 ildir ki, erməni təcavüzünə məruz qalır, ərazisinin 20 faizi işğal olunub, əhalisinin 1 milyondan artığı yurd-yuvasından didərgin salınıb. 18 il öncə bugünkü gündə, yəni 1992-ci il 26 fevralda Xocalı qəsəbəsi yerlə-yeksan edilmiş, bir neçə saat ərzində 613 nəfər mülki əhali vəhşicəsinə qətlə yetirilmişdir. Erməni qəsbkarlarının uyğun hərəkəti dünyanın müxtəlif təşkilatları tərəfindən pislənilib. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrilə Ermənistan respublikasının bu ekspansionist siyasətini məhkum və işğal olunmuş ərazilərin azad edilməsini tələb etmişdir. Lakin təəssüf ki, bu günədək onların yerinə yetirilməsi üçün nəinki heç bir əməli addım atılmamış, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməmiş, hətta edilən yardımların həcmi artırılmış və işğal olunmuş ərazilərdə kapital qoyuluşuna başlanılmışdır.
Biz Qum şəhərində təhsil alan azərbaycanlı tələbələr olaraq təcavüzkar Ermənistan respublikasına qarşı qəti addımlar atılmasını və bir müsəlman ölkəsi olan Azərbaycana qarşı ögey münasibətdən çəkinmənizi tələb edirik. Əks təqdirdə, ikili standartlarla işlədiyinizi, nəhəng dövlətlərin əlində alət olduğunuzu və müsəlman ölkələrinə qarşı qeyri-obyektiv mövqe sərgilədiyinizi etiraf edin.
26.02.2010 - Qum şəhəri
 |