|
Şənbə, 27 Fevral 2010 02:47 |
|
Qum şəhərində təhsil alan azərbaycanlı tələbələrin İKT-a müraciyəti İslam ölkələrinə məlum olduğu kimi, Ermənistan Respublikası 1988-ci ildə Azərbaycan Respublikasına qarşı elan olunmamış müharibəyə başlamışdır. O zamandan atəşkəs haqda razılığa gələnə qədər, yəni 6 il ərzində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, əhalisinin 1 milyondan artığı qaçqın şəraitində yaşamaq məcburiyyətində qalmışdır. Uyğun 6 il ərzində on minlərlə Azərbaycan vətəndaşı müxtəlif növ vəhşiliklərlə qətlə yetirilmişdir. Təkcə Xocalı qəsəbəsində baş verən soyqırımda bir neçə saat ərzində 613 nəfər mülki əhali ağır işgəncələrlə öldürülmüşdür.
İKT indiyədək qəbul etdiyi çoxsaylı qətnamələrilə Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş və Xocalı faciyəsini soyqırım aktı kimi tanımışdır. Bunun üçün biz, Qum şəhərində təhsil alan azərbaycanlı tələbələr sizə öz minnətdarlığımızı bildiririk. Lakin təəssüflə də olsa, etiraf etməliyik ki, İslam ölkələri sözügedən təcavüzün qarşısını almaq üçün heç də bütün səylərini nümayiş etdirmirlər. Təəssüf ki, işğal olunmuş ərazilərdə kapital qoyan ölkələr sırasında bəzi müsəlman dövlətlərinin də adı görünür. Biz İKT-dan istəyirik ki, tutulan mövqenin formal xarakter daşımamasını təmin etsin və öz iclaslarında məsələ qaldırıb, işğal olunmuş Azərbaycan torpaqları azad edilməyincə qəsbkar Ermənistanla bütün əlaqələrin kəsilməsini tələb etsin. 26.02.2010 - Qum şəhəri
 |