Şəbanın on beşinci gecəsi çox fəzilətli gecələrdən biridir. Bu gecəki müstəhəb əməllər içində “Kumeyl” duasının özünəməxsus yeri var. Aşiq ariflər və arif aşiqlər bütün dualar içərisində “Kumeyl” duasının məqamını, insanın bütün yaranmışlar arasında olan məqamı kimi bilmişlər. Varlıq aləmində bütün mövcudların ən şərəflisi insan olduğu kimi, duaların da ən şərəflisi “Kumeyl” duasıdır. Tanınmış alim Əllamə Məclisi “Kumeyl” duasını ən üstün dua hesab edir. Mərhum alim Seyyid ibn Tavusun “İqbal” kitabına əsaslanaraq özünün “Zadul - Məad” kitabında yazır: “Kumeyl deyir ki, bir gün Bəsrə şəhərində Mövlam Əlinin yanında oturmuşdum. Şəbanın on beşinci gecəsindən söz düşdü. Həzrət Əli (ə) buyurdu ki, hər kəs bu gecəni oyaq qalıb ibadət etsə Həzrət Xızrın (ə) duasını oxusa, duası hökmən (yəni Kumeyl duasını) qəbul olar. Sonra Həzrətin xidmətinə gedib xahiş etdim ki, bu duanı mənə öyrətsin. O buyurdu: “Ey Kumeyl! Elə ki, bu duanı öyrəndin, ya hər cümə axşamı, ya ayda bir dəfə ya ildə bir dəfə ya da ömründə bir dəfə onu oxu. Bu dua səni düşmənlərin şərrindən qoruyar, sənə ruzi yetirər və günahlarını bağışladar. Ey Kumeyl! Belə bir nemət və kəramətlə ucalmağının səbəbi uzun müddət göstərdiyin xidmətlərdir. Otur, yaz...” Rəbbani alim Mərhum Kəfəmi “Misbah” kitabında yazır ki, Həzrət Əli (ə) bu duanı səcdə halında oxuyardı. Bu duanı oxuyan şəxs bir sıra şərtlərə əməl etməklə yanaşı üzü qibləyə olmalı, müti görkəm, sınıq qəlb, xalis niyyət, ağlar göz və qəmli səslə oxumalıdır. Sözsüz ki, bu halda oxunan duanın qəbuluna ehtimal çoxdur.Ağlar göz Allah hüzurunda böyük etibara və dəyərə malikdir. Göz yaşı günahların bağışlanmasına, Allahın qəzəbinin soyumasına və ilahi rəhmətə qovuşmağa səbəb olur. İmam Sadiq (ə) buyurur: “Bir damla göz yaşı dəryalarca atəşi söndürür. Göz yaşardığı vaxt zülmət və xarlıq çöhrədən çəkilər. Göz yaşı axıdan kəsə Allah Cəhənnəmi haram edər. Doğrudan da gözü ağlar bir ümmət hər halda mərhəmətə çatar.” Həzrəti İmam (ə) başqa bir hədisdə buyurur: “Yalnız üç göz Qiyamətdə ağlamaz: Allahın haram buyurduğuna qapanan göz, Allah yolunda yuxusuz qalan göz, gecə yarı Allah qorxusundan ağlayan göz.”Allah-Taalanın bütün mövcudlara olan ehsanı geniş, rəhmət süfrəsi tükənməz, lütf və mehribanlığı davamlıdır. Onun dərgahı ümidsizlik dərgahı deyildir. Səxavət və bəxşişi daimi, əta əli açıqdır. O daim bəndələrinin duasının intizarındadır. Həzrət Davuda (ə) buyurulur: “Yer əhlinə de ki, dostluğa layiq olduğum halda nə üçün Mənimlə dostluq etmirlər? Mənimlə olan şəxs paxıllıqdan, cəhalətdən, çarəsizlikdən uzaqdır. Mənim sifətim, sözüm dəyişməz. Rəhmətim genişdir. Fəzl və kərəmimdən dönmərəm. Əvvəldən rəhməti əsas götürüb, məhəbbət udunun budağını yandırmışam. Məni dost biləni dost bilir, gizlində Məni xatırlayanlara yaxın oluram, Məni yada salanların munisiyəm. Davud! Məni axtaran tapar, Məni tapan əldən verməməlidir. Davud, nemət bizdən olduğu halda bunu başqalarından görürlər. Sığınacaqları olduğumuz halda başqalarına tərəf qaçarlar. Qaçsalar da bir gün geri qayıdacaqlar!”Dini kitablarda belə gözəl mətnlər çoxdur. Quran ayələrindən qaynaqlanan bu əhvalatlar çox xoş xəbərlərdir. Bu söhbətlər insanda Allahın ehsanına ümid doğurur. İnsan inanır ki, öz istəklərinə dua vasitəsi ilə çata bilər. İslam Peyğəmbəri (s) buyurur: “Həqiqətən, dua ibadətdir;” “Dua ibadətin məğzidir.” İmam Baqir (ə) buyurur: “Ən üstün ibadət duadır”; “Allah yanında duadan, Onun fəzlindən istəməkdən də üstün olan bir şey yoxdur. Və Onun yanında təkəbbürlük üzündən dua etməyib, ilahi feyzləri diləməyən kəsdən daha mənfur bir kəs yoxdur.” Həzrət Əli (ə) buyurur: “ Bütün yer üzündə Allaha yönəlmiş ən sevimli iş duadır.” “Dua qələbənin açarı, feyz xəzinəsidir. Ən üstün dua pak qəlbdən qopan duadır. Dua qurtuluş vasitəsi, ixlas yoludur. Dözümsüzlük şiddətlənəndə pənah yalnız Allah dərgahınadır.” İmam Sadiq (ə) buyurur: “Bəla gələn vaxt hökmən Allah dərgahına dua və yalvarışla üz tutun”; “Dua et, çünki dua hər bir dərdin dərmanıdır.” Hər bir oxunan duadan insan hansısa bir həqiqət dərk edir. Hal-hazırda dualarımız ərəb dilindədir. Ərəb dilini bilməməyimiz səbəb olur ki, biz dualarda olan həqiqətlərdən xəbərsiz qalaq. Bu nöqtəni nəzərə alaraq qərara gəldik ki, Kumeyl duasının tərcüməsin siz əzizlərə təqdim edək.   

KUMEYL DUASI

Rəhman və Rəhim Allahın adı iləPərvərdigara, Səni hər şeyi bürümüş rəhmətinə and verib, Səndən istəyirəm. Səni vasitəsi ilə hər şeyə qalib gəldiyin qüvvətinə and verirəm. Onun qarşısında hər şey baş əymiş və hər şey xar olmuşdur. Səni vasitəsi ilə hər şeyə qələbə çaldığın cəbərutuna and verirəm. Səni hər şeyi doldurmuş əzəmtinə and verirəm. Səni hər şeydən üstün səltənətinə and verirəm. Səni hər şey fəna olduqdan sonra qalacaq zatına and verirəm. Səni hər şeyin sütunlarını doldurmuş adlarına and verirəm. Səni hər şeyi əhatə etmiş elminə and verib istəyirəm. Səni hər şeyi işıqlandırmış zatının nuruna and verib istəyirəm. Ey nur, ey hər eybdən pak, ey əvvəllərin əvvəli və ey axırların axırı. Allahım bağışla o günahlarımı ki, əzabların qarşısını almış pərdələri aradan qaldırar. Pərvərdigara cəzaları endirən, yaxınlaşdıran günahlarımı bağışla.Pərvərdigara nemətləri dəyişən günahlarımı bağışla.Pərvərdigara dualarımı həbsə salmış günahlarımı bağışla.Pərvərdigara bəla nazil edən günahlarımı bağışla.Pərvərdigara batdığım günahları və yol verdiyim xətaları bağışla.Pərvərdigara səni zikr etməklə sənə yaxınlıq axtarıram. Səni günah və caza bəndindən qurtulmaq üçün özümə şəfaətçi qərar verirəm. Bəxşişin və səxavətin vasitəsi ilə məni yaxın məqamına çağırmağını, şükrünü mənə ruzi etməyini və zikrini qəlbimə ilham etməyini istəyirəm. Pərvərdigara səndən təvazökar, zəlil, itaətkar bir bəndə kimi mənə rəhm etməyini, qismət etdiyindən razı salmağını və bütün hallarda təvazökar saxlamağını istəyirəm. Pərvərdigara, səndən ehtiyacı son həddə çatmış şəxs kimi istəyirəm. Çətinliklər içində istəyini qarşına gətirmiş kəs kimi. Sənə olan rəğbətim meylim böyükdür. Pərvərdigara, sultanlığın əzəmətə çatmış və sənin məqamın ucadır. Və sənin məkrin gizlidir və sənin əmrin aşkardır. Sənin qəhrin hər şeyə qalib və qüdrətin hər şeyə hakimdir. Hökumətindən qaçmaq mümkünsüzdür. Pərvərdigara, Səndən başqa günahlarımı bağışlayacaq qəbahətlərimi örtəcək və pis əməllərimi yaxşıya döndərəcək bir kəs tapmıram. Səndən başqa bir Məbud yoxdur. Sən paksan və mən Sənə həmd və səna edirəm. Özümə zülm etdim və nadanlıqdan cəsarətə yol verdim. Keçmişdə əta etdiklərini xatırlamaqla arxayınlaşıb oturdum. Pərvərdigara, ey mənim Mövlam yol verdiyim nə çox çirkinliyi örtmüsən nə çox ağır bəlaları məndən kənarlaşdırmısan. Məni nə çox büdrəmələrdən hifz etmisən. Məni nə çox xoşagəlməyən işlərdən müdafiyə etmisən laiq olmadığım nə çox tərifləri xalq arasında yaymısan. Pərvərdigara, bəlam böyükdür, halımın pisliyi həddini aşmış, əməllərim yetərsiz olmuş, zəncirlərim məni yerə oturtmuş, uzun uzadı arzular məni faydalardan saxladı. Dünya öz hiylələri ilə məni aldatdı. Nəfsim öz cinayətləri və xəyanətləri ilə məni aldatdı. Ey mənim Ağam izzətinə and verib Səndən istəyirəm ki, çirkin əməl və hərəkətlərim Sənə duaların qarşısını almasın. Məni daxilimdə bildiyin gizli günahlarla rüsvay etmə. Xəlvətdə yol verdiklərimə, çirkin işlərimə, günahlarıma, bəndəlikdə süstlüyümə, nadanlığıma, şəhvətimin çoxluğuna, qəflətimə görə cəzalandırmağa tələsmə. Pərvərdigara, Səni izzətinə and verirəm mənə bütün hallarda rauf və bütün işlərdə mehriban ol. İlahi, Pərvərdigara, Səndən başqa kimim var ki, ondan narahatlıqlarımın aradan götürülməsini, işlərimə lütf nəzəri etməsini istəyim. İlahi, ey mənim Mövlam Sən hökm verdin, mən isə onun icrasında nəfsimin istəyinə tabe oldum. Düşmənimin işlərimi mənə gözəl göstərəcəyindən qorxmadım. O da məni aldatdı, qəzavü-qədər də ona kömək etdi. Bu qəzalar səbəbindən verdiyin hökmlərdə bəzən həddi aşdım və bəzi göstərişlərinə müxalif oldum. Sənin üçün mənə qarşı bütün işlərdə dəlillər tamamlanıb. Mənim üçün nəfs həvəslərinin təhriki ilə həyata geçən və Sənin hökmünün vadar etdiyi şeylərdə heç bir üzr yoxdur. İndi ey Məbud lütf və mərhəmət dolu hüzuruna gəlmişəm. Amma təqsirə yol verib nəfs istəklərində həddi aşdıqdan sonra. Üzürxah, peşiman, qəlbi sınıq, bağışlanma diləyən, sənə tərəf qayıdan, günahlarını etiraf edən, qaçmağa yer tapmayan halda ki, Sən ey mehriban Allah üzürlərimi qəbul edəsən və məni geniş rəhmətinə çatdırasan. Pərvərdigara, üzrümü qəbul et. Pisliyi son həddə çatmış halıma rəhm et. Əl ayağımı bağlamış günah zəncirlərindən məni azad et. Ya Rəbb, bədənimin zəifliyinə, dərimin yuxalığına, sümüklərimin kövrəkliyinə rəhm et. Ey yaranışın əsasını qoyan, məni yada salan, tərbiyə edən, xeyirxahlıq edib ruzi verən, indi məni əvvəlki kərəminlə bağışla. Ey Məbud, ey Ağa, ey Rəbbim Səni belə görməyim mümkündürmü ki, Sənin yeganəliyini etiraf edəndən, qəlbim mərifət nuru ilə işıqlandıqdan, dilim sənin zikrinlə danışdıqdan, batinim eşqinin bəndinə düşdükdən, tövhidinə sədaqətlə etirafımdan, hüzurunda müti dualarımdan sonra mənə odda əzab verərsən?! Heyhat inanmıram ki, məni cəhənnəm oduna düçar edəsən. Çünki bu iş Səndən çox-çox uzaqdır. Sən bundan daha böyüksən ki, yaratdığını sıxıntıya salasan, yaxınlaşdırıb bu yaxınlıqdan faydalandırdığını uzaqlaşdırasan. Sığınacaq verdiyini qovasan. Təmin edib rəhm buyurduğunu bəlaya salasan. Ey mənim Ağam, ey mənim Məbudum, ey mənim Mövlam, ey kaş biləydim ki, əzəmətin qarşısında torpağa səcdə edən çöhrələri oda salacaqsan?! Tövhidin və həmdin üçün sədaqətlə mədh oxuyan dilləri, ilahiyyətini etiraf edən qəlbləri, mərifətinin əhatə etdiyi və qarşında təvazökar olan batinləri, pərəstişgahlarını eşqlə tələsən və bağışlamağını axtaran əzaları, odda yandıracaqsanmı?! Xeyir, Sənin haqqında belə bir güman yoxdur. Fəzl və ehsan haqqında belə bir xəbər verilməyib. Ey kərəm sahibi, ey Pərvərdigar, Sən dünyanın kiçik qəmləri və cəzaları qarşısındakı zəifliyimizdən, əhlinə ağır gələn işlərdən xəbərdarsan. Belə ki, bu qəm qüssə və çətinliklər yüngül və ötəridir. Elə isə zamanca uzun məkanca əbədi olan ağır axirət çətinlikləri qarşısında necə tab gətirəcəyəm?! Həmin çətinlik sənin qəzəbin, intiqamın və narazılığından doğduğu üçün yüngülləşdirilməz. Bu göylərin və yerin tab gətirmədiyi bir çətinlikdir. Ey mənim Ağam zəif, zəlil, fəqir, miskin, köməksiz bir bəndə olduğum halda mən necə dözüm?! Ey Məbud, ey Pərvərdigar, ey Ağa, ey Mövla hansı müsibətə görə dərgahına şikayət edim, hansı çətinliyə görə nalə çəkim, əzab və çətinliyinə, ya bəlaların uzunluğuna görə?! Məni düşmənlərinlə birlikdə əzaba düçar etsən, məni əzab əhlinə qoşsan məni aşiqlərdən ayrı salsan nə edərəm ey Məbud, ey Ağa, ey Mövla?! Ey Pərvərdigar tutaq ki, əzabına dözdüm bəs ayrılığına necə səbr edim. Tutaq ki, yandırıcı atəşinin odunda dayandım bəs kəramətinə göz yummağa necə tab gətirim. Hər zaman bağışlayacağına ümid etdiyim halda atəş içində necə durum. Ey Ağam, ey Mövlam izzətinə sədaqətlə dolu and içirəm ki, məni danışmaqda azad buraxsan cəhənnəm əhli içində istəklilər kimi hüzuruna nalə çəkəcəyəm, yardım istəyənlər tək fəryad qoparacaq, əzizlərini itirənlər kimi ağlayacaq və bütün vücudumla səni çağıracağam: Ey möminlər Ağası, ey ariflərin son istəyi, ey fəryad qoparanların dadına çatan, ey qəlblərin məhbubu, ey aləmlərin Məbudu haradasan?! Səni beləmi tanıyırlar, ey mənim Məbudum. Ey daim həmd oxumaqla hər eybdən pak bildiyim Məbud. Cəhənnəmdə o müsəlman bəndənin səsini eşidərsən ki, səninlə müxalifliyinə görə zindana düşüb, itaətsizliyinə görə əzabı dadır, çinayətlərinə görə cəhənnəm əhli arasında həbs olunub və rəhmətinin arzusunda olan kəs kimi dərgahına nalə çəkir, tövhid əlini dili ilə nida edib sənin rübubiyyətinə doğru vasitə axtarır. Ey mənim Mövlam ötən güzəştlərinə ümid edən bəndə əzabda necə qala bilər?! O sənin ehsan və rəhmətini arzu etdiyi halda od onu əzaba necə sala bilər?! Atəş şölələri onu necə yandıra bilər ki, fəryadını eşidirsən, yerini görürsən?! Odunun hənirtisi onu necə bürüyə bilər ki, zəifliyindən xəbərdarsan?! Cəhənnəm təbəqələrində necə ora-bura çəkilə bilər ki, sədaqətindən xəbərdarsan?! Əzab mələkləri onu necə qəzəblə qova bilər ki, Səni Allahlığınla çağırıb?! Necə ola bilər ki, o cəhənnəmdən azad edəcəyinə ümidi olduğu halda Sən onu özbaşına buraxasan?! Əvvəldə dediklərim Sənin bəndələrə nəvazişindən çox-çox uzaqdır. Səni belə zənn etmirik. Sənin fəzlində belə münasibət gözlənilmir. Bu tövhid əlinə, etdiyin ehsan və yaxınlıqlarına uyğun gəlmir. Yəqin bilirəm ki, kafirlərə əzab fərmanın düşmənlərinə əbədi odda qalmasına hökmün olmasaydı cəhənnəm başdan-başa salamatçılıq yeri olar bir nəfərdə orada yerləşməzdi. Amma sən ki, adların müqəddəsdir və and içmisən ki, cəhənnəmi kafir cinlər və insanlarla dolduracaqsan. Öz uca həmd sənan ilə bunu da buyurmusan ki: Mömin fasiqlə birdirmi?! Xeyir, bərabər deyil!Ey Məbudum, ey Ağam Səni təqdir etdiyin qüdrətə, verdiyin fərmana, çıxartdığın o hökmə and verirəm ki, icra edildiyi kəsə qalib oldu və Səndən batdığım günahları bu gecə bu saat bağışlamağını, yol verdiyim xətalardan və gizlində gördüyüm çirkin işlərdən, gizli və aşkar nadanlıqlardan keçməyini istəyirəm. Hər çirkin işi qeyd etməyi kərim yazanlara əmr etdin. Məndən baş verənlərin qeyd edilməsini onlara tapşırdın. Onları da əzalarımla birlikdə mənə şahid qərar verdin. Özün onlardan daha artıq müraqib oldun. Onlardan gizli qalana şahid oldun. Rəhmətinlə məxfi saxladın, fəzilətinlə örtdün. Səndən nazil etdiyin hər bir xeyirlə, ehsanla, yağdırdığın ruzilərlə, bağışladığın günahlar və örtdüyün xətalarla nəsibimi kamilləşdirməyini istəyirəm. Ya Rəbb, Ya Rəbb, ya Rəbb, ey Məbudum, ey Ağam, ey Mövlam, ey ixtiyar sahibim, ey taleyim əlində olan, ey çarəsizliyimdən xəbərdar, ey yoxsulluğumdan agah olan, ya Rəbb, ya Rəbb, ya Rəbb! Səni öz həqiqətinə, pak və müqəddəs zatına, ən üstün sifət və adlarına and verərək istəyirəm ki, Səni yad etməklə vaxtlarımı abad edəsən. Öz xidmətinə müvəffəq edəsən. İşlərim hüzurunda qəbul olsun. Bütün əməllərim və dilimə gələn sözlərim bir zikr olsun və daim Sənə xidmət halında olum. Ey Ağam, ey mənim etimadım, ey halımdan Ona şikayətləndiyim kəs, ya Rəbb, ya Rəbb, ya Rəbb! Pərvərdigara, Sənə xidmət üçün əzalarıma qüvvə ver, Qəlbimi bəndəlik üçün möhkəmləndir. Mənə əzəmətin qarşısında qorxu üçün ciddilik əta et. Xidmətinə çatmaq üçün, daim müvəffəqiyyət üçün məni dözümlü et ki, müsabiqə meydanlarında Sənə doğru tələsim. Cıdıra çıxanlar arasında Sənə doğru hərəkət edim. Müştaqlar içində Sənə doğru şövqlə gəlim. Pak və ixlaslılar kimi Sənə yaxınlaşım. Səndən yəqin əhli tək qorxum. Sənin yanında möminlərlə bir cərgədə durum. Pərvərdigara, mənim barəmdə pis düşünən haqqında Sən düşün. Mənə hiylə qurana Sən özün cavab ver. Məni Sənin yanında payı olan ən üstün, sənə məqamca ən yaxın, hüzuruna yaxınlıqda xüsusi olan bəndələrindən qərar ver. Şübhəsiz ki, bütün bunlar yalnız sənin fəzlinlə əldə oluna bilər. Pərvərdigara, öz səxavətinlə məni bağışla. Öz böyüklüyünlə mənə nəzər sal. Öz rəhmətinlə məni hifz et. Pərvərdigara, dilimi zikrinlə danışdır. Qəlbimi məhəbbətinlə doldur. Mənə dualarımın qəbulu ilə minnət qoy. Büdrəmələrimə göz yum. Günahlarımı bağışla. Çünki Sən bəndələrinə ibadəti əmr etmiş, duaya çağırmış, duaların qəbuluna zəmanət vermisən. Ey Rəbbim üzümü yalnız Sənə tutdum. Ehtiyac əlimi yalnız sənə uzatdım. Səni izzətinə and verirəm, duamı qəbul et. Məni arzuma çatdır. Ehsanından ümidimi kəsmə. Cin və insanlardan olan düşmənlərimin şərrini sona çatdır. Ey bəndəsindən tez razı olan. İxtiyarında duadan başqa bir şey olmayan kəsi bağışla. Çünki Sən istədiyini edirsən. Ey adı dəva, zikri şəfa, itaəti qüvvət. Rəhm et o kəsə ki, sərmayəsi ümid silahı göz yaşıdır. Ey nemətləri kamil və firavan olan. Ey bəla və çətinlikləri aradan qaldıran. Ey qaranlıqda qorxuya düşənlərin nuru. Ey oxumamış alim. Mühəmməd və ali Muhəmmədə salam göndər. Mənimlə özünə laiq rəftar et. Allahın firavan salamı olsun peyğəmbərinə və onun ailəsindən olan pak imamlara.

Əşrəf Eyvazlı

Kumeyl duasının tərcüməsi hacı Arzunundur.

Add comment


Security code
Refresh